İQTİSADİYYAT
Hesablama Palatasının sədri: Dövlət borcunun ÜDM-ə nisbəti üzrə hədəfə əməl olunub

Bakı, 31may, AZƏRTAC
Fiskal sahəni tənzimləyən qanunvericiliyin tələbləri əsas götürülməklə hesabat ilində də eyni gəlirin iki dəfə tanınması ilə büdcənin gəlir parametri artırılıb. Belə ki, əvvəlki illərdə gəlir kimi göstərilmiş təqribən 500 milyon manat hesabat ilinin büdcəsində yenidən gəlir kimi əks etdirilib.
Məlumatlılığın artırılması fonunda mövcud qanunvericilik, qabaqcıl təcrübə, həmçinin qarşıdakı dövr üçün bəyan edilən hədəflər nəzərə alınmaqla, Hesablama Palatası “Büdcə zərfi”ndə bir sıra məsələlər üzrə dəyişikliklərin zəruri olduğu qənaətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin mayın 31-də keçirilən iclasında 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O diqqətə çatdırıb ki, hesabat ilində fiskal çərçivənin lövbəri olan büdcə qaydasına əməl edilib. 2022-ci ilin sonuna büdcə qaydasının birinci göstəricisi - icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə faktiki göstərici hədəflənən maksimal kəsirdən az olub. Büdcə qaydasının digər göstəricisi dövlət borcunun ÜDM-ə nisbətidir. Bu nisbət üzrə də hədəfə əməl olunub.
Vüqar Gülməmmədov bildirib ki, neftin qiymətinin yüksək olması nəticəsində xərclənmiş dövlət büdcəsinin neft gəlirləri əvvəlki ilə nisbətən 13,2 faiz artaraq 15,3 milyard manata çatsa da, cəmi gəlirlərdə payı 1,3 faiz bəndi azalıb.