REGİONLAR
“Heydər Əliyev Kuboku” uğrunda karate üzrə muxtar respublika açıq çempionatına start verilib
Naxçıvan, 5 may, AZƏRTAC
Naxçıvan şəhərində Ümummilli Liderimizin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev Kuboku” uğrunda karate üzrə muxtar respublika açıq çempionatına start verilib. Yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, oğlan və qızlar arasında qaliblərin müəyyən olunacağı çempionatda 22-si Bakı idmançısı olmaqla, ümumilikdə, 250-ə yaxın karateçi medallar uğrunda mübarizə aparır. Yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif yaş və çəki kateqoriyalarında keçirilən görüşlər olimpiya sistemi üzrə tənzimlənir.
Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Karate-do Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, məşqçi və hakimlərin, o cümlədən klubların işini təkmilləşdirmək məqsədilə keçirilir.
Çempionatın final görüşlərinin və mükafatlandırma mərasiminin mayın 7-də keçirilməsi nəzərdə tutulub.