İQTİSADİYYAT
Heydər Əliyev adına NEZ-də yeni bitum istehsalı qurğusunun inşası başa çatıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yeni bitum istehsalı qurğusunun inşası tamamlanıb.
AZƏRTAC xəbər verir ki, zavodun yenidənqurma və modernizasiya layihəsinin ilkin mərhələsi çərçivəsində yeni bitum qurğusunun inşası başa çatıb. 2016-cı ildə bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına NEZ arasında müvafiq müqavilə imzalanıb. Ötən ilin aprel ayından tikinti podratçısı “Azfen” Birgə Müəssisəsi tərəfindən ərazidə yeni bitum qurğusunun inşasına başlanılıb. Tikintisinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu qurğu işlərin layihə qrafikinə uyğun - 18 ay müddətinə inşa edilərək başa çatdırılıb. Bu qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal ediləcək. Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına NEZ-də aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq.
Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına NEZ-in istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək. Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
75 nəfərin işlə təmin olunacağı yeni bitum istehsalı qurğusu beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Ərazidə tikinti-quraşdırma işləri tikinti norma və qaydalarına, beynəlxalq və yerli standartların tələblərinə uyğun tam təhlükəsiz şəraitdə həyata keçirilib. Yeni bitum qurğusunun illik istehsal gücü 400 min tondur.
Qeyd edək ki, ümumilikdə yaxın gələcəkdə Heydər Əliyev adına NEZ-də yenidənqurma, modernizasiya işləri aparmaqla irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcək.