REGİONLAR
Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq
Şəki-Zaqatala bölgəsi, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Hələ sağlığında milyonların qəlbində özünə əbədi abidə ucaldan ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü Şəki-Zaqatala bölgəsində silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı dekabrın 12-də həmişə olduğundan daha izdihamlı görünürdü. Rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə zaqatalalılar səhər saatlarından başlayaraq axın-axın parka gələrək, Ulu Öndərin burada ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Dahi rəhbərin vəfatının ildönümü ilə əlaqədar sonra Heydər Əliyev Mərkəzində “Böyük ömrün anları” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edənlər zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Konfransda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Ümummilli Liderin vəfatının ildönümü ilə əlaqədar həmin gün rayonun bütün yaşayış məntəqələrində anım mərasimləri keçirilib, məscidlərdə dualar oxunub.
X X X
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü Qax rayonunda da dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə qeyd edilib. Anım günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.
Dekabrın 12-də əmək kollektivlərinin, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlərin Ulu Öndərə tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırdığını xüsusi vurğulayıblar. Bildirilib ki, Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir. Nə qədər ki, Azərbaycan var, Ulu Öndər də ürəklərdə yaşayacaq.
X X X
Balakənlilər xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on beşinci ildönümünü dərin hörmət və ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri dekabrın 12-də səhər saatlarından başlayaraq Balakən şəhərindəki mədəniyyət və istirahət parkına gələrək, Ulu Öndərin dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül-çiçək düzüb, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyiblər.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin zəngin həyat yolu, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıb, dahi rəhbərə sonsuz məhəbbət və ehtiramlarını bildiriblər.
Anım tədbirinin sonunda Ulu Öndərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
X X X
Müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar Qəbələ və Oğuz rayonunda da silsilə tədbirlər, anım mərasimləri keçirilib.
Tədbirlərdə bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edilib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyi vurğulanıb.