SİYASƏT
Hikmət Hacıyev: Ermənistandan fərqli olaraq Azərbaycan heç vaxt mülki obyektlərin hədəfə alınması barədə düşünməyib
Bakı, 21 iyul, AZƏRTAC
Ermənistandan fərqli olaraq Azərbaycan heç vaxt mülki obyektlərin hədəfə alınması barədə düşünməyib. Ermənistan tərəfi qəsdən belə dezinformasiya yayaraq məsələni siyasiləşdirməyə çalışır. Azərbaycan tərəfi heç zaman mülki obyektləri hədəfə almaqla bağlı fikir səsləndirməyib. Ancaq Ermənistan tərəfi dəfələrlə Azərbaycanın Mingəçevir su anbarını, neft-qaz boru kəmərlərini, Azərbaycanın şəhərlərini vurmaqla bağlı təhdid dolu bəyanatlar səsləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 21-də keçirilən mətbuat konfransında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin məkrli məqsədini göstərir. Ermənistan tərəfi bu cür məsələlərlə öz cinayətlərini ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa cəhd edir.
Hikmət Hacıyev onu da bildirib ki, Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur. O, bu silahların terrorçuların əlinə keçməsi barədə məlumatların da olduğunu diqqətə çatdırıb.