DÜNYA
Hindistanda güclü yağışlar 30 nəfərin ölümünə səbəb olub VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Hindistanın şimal-şərqində yerləşən Assam və Meqhalaya ştatlarında son üç gün ərzində aramsız yağan leysan daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində azı 30 nəfər ölüb. Ümumilikdə isə ilin əvvəlindən bəri təkcə Assam ştatında əlverişsiz hava şəraiti 55 nəfərin həyatına son qoyub.
AZƏRTAC DNA informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Assam ştatında 2930 kənd, Meqhalaya ştatında isə onlarla yaşayış məntəqəsi su altında qalıb. Həmin ərazilərdə yaşayan 2 milyona yaxın əhalinin əksəriyyəti müvəqqəti düşərgələrə yerləşdirilib. Lakin intensiv yağışlar davam etdiyi üçün həmin düşərgələr də təhlükə altındadır. Hakimiyyət orqanları insanları hündür yerlərdəki binalara sığınmağa çağırıb.
Səhər saatlarında Assam ştatının Xocay rayonunda zərər çəkənləri daşıyan qayığın aşması nəticədə üç uşaq itkin düşüb.
Əlverişsiz hava şəraitinin təsirinə məruz qalan Banqladeşdə də bir neçə nəfərin öldüyü və itkin düşdüyü barədə məlumatlar yayılıb. Eyni zamanda, sinoptiklər leysan yağışlarının hələ iki gün də davam edəcəyini proqnozlaşdırır.