CƏMİYYƏT
Hökməli qəsəbəsində tibb işçisindən hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Abşeron rayonunun Hökməli qəsəbəsindəki tibb məntəqəsində işləyən şəxslərdən biri rayon polis idarəsinin Qobu Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qanun pozuntusunu törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətirilib. Onun üzərində axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkarlanaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək həmin hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Saleh Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.