ELM VƏ TƏHSİL
Humanist pedaqogikanın əsasını şagirdlərin nəcib və alicənab tərbiyəsi təşkil edir
Bakı, 21 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin nəzdində Dövlət Pedaqoji Kollecinin və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə humanist pedaqogika üzrə ikinci beynəlxalq konfrans və seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın əhəmiyyətindən danışıb, qonaqları təqdim edib. Bildirilib ki, tədbirdə iştirak edən professor Şalva Amonaşvili məşhur pedaqoq, Rusiya Təhsil Akademiyasının xarici üzvü, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti və müasir pedaqogikanın banisi, canlı klassikidir. Alimin pedaqogika elminə verdiyi töhfələrdən danışan rektor onun iştirakı ilə keçiriləcək konfransın təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü humanist yanaşma ilə bağlı söyləyəcəyi dəyərli fikirlərin, mülahizələrin maraqla qarşılanacağına əminliyini bildirib.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və başqaları mövzunun aktuallığını qeyd ediblər.
Bildirilib ki, humanist pedaqogikanın əsasını şagirdlərin nəcib və alicənab tərbiyəsi, uşağın mənəvi və əxlaqi cəhətdən inkişafı, təhsilalanda yaradıcılığa və xeyirxah işlərə istiqamətləndirən təfəkkürün inkişafı, uşağın həyatda öz hüquqlarını qoruması, Vətənini sevməsi və digər prinsiplər təşkil edir.
Sonra Ş.Amonaşvili “Gələcəyin problemi - təhsilin dünyagörüşü aspekti” mövzusunda məruzə ilə çıxış edib.
Dekabrın 25-dək davam edəcək seminarda humanist pedaqogikanın əsasları müzakirə olunacaq, Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq alimlərinin təqdimatları dinləniləcək.
Sonda seminar iştirakçılarına serfikatlar təqdim olunacaq.