ELM VƏ TƏHSİL
Hüseyn Cavidin ev-muzeyində növbəti açıq dərs
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA Hüseyn Cavidin ev-muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində növbəti açıq dərs keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdləri üçün təşkil edilən açıq dərsdə böyük filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi haqqında məlumat verilib, ədibin yaşadığı dövr və əbədiyaşar, zəngin yaradıcılığı muzeyin ekspozisiyası əsasında ətraflı şərh olunub.
Eyni zamanda, şairin xatirəsinin əbədiləşdirilməsi, Bakıdakı ev-muzeyinin yaradılması barədə məktəblilərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Şagirdlər Cavidin şeirlərindən nümunələr, “Şeyx Sənan” və “İblis” pyeslərindən parçalar söyləyiblər.