DÜNYA
IAAF: Dohadan və Yucindən sonra – Budapeşt
Budapeşt, 4 yanvar, AZƏRTAC
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2023-cü ildə yüngül atletika üzrə dünya çempionatını Macarıstanın paytaxtı Budapeştdə keçirəcək. Budapeştdə Avropa çempionatı keçiriləndən 25 il sonra ilk dəfə olaraq bu mötəbər hadisə burada təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, IAAF Şurasının Monakoda keçirilən iclasının qərarında belə deyilir. Təşkilatın rəhbər orqanı 2023-cü ilin iyulunda dünya çempionatının keçirilməsi üçün Budapeştin Avropanın ən münasib şəhəri elan edilməsi barədə tövsiyəni bəyənib. IAAF prezidenti Sebastyan Kou Şuranın iclasından sonra bildirib ki, Macarıstan həm idman ənənələri, həm də dünya səviyyəli idman tədbirlərinin təşkili sahəsində təcrübəsi ilə öyünə bilər.
Hazırda iki ildən bir təşkil edilən yüngül atletika dünya çempionatı 2019-cu ildə Dohada, 2021-ci ildə Yucində (ABŞ, Oreqon ştatı) keçiriləcək.