DÜNYA
İRANDA HƏR İL 400-DƏK ŞAXTA VƏ MƏDƏN AÇILIR
İran faydalı qazıntılarla zəngin ölkədir və neft hasilatı sahəsində dünyada aparıcı ölkələrdən biridir. Ölkədə təbii ehtiyatlardan daha geniş miqyasda istifadə edilməsi istiqamətində mühüm işlər görülür. AZƏRTAC-ın İRNA agentliyindən aldığı xəbərə görə, hökumətin özəl sektora yardım göstərməsi sayəsində ölkədə hər il 400-dək şaxta və mədən açılır. İranın inkişafına dair birinci proqram həyata keçirilməyə başlanmazdan əvvəl ölkədə 800-dək şaxta və mədən vardısa, indi onların sayı 3400-ə çatmışdır.
İran fəal dağəmələgəlmə proseslərinin əsas zolaqlarından biri üstündə yerləşir və buna görə də azı 10 növ faydalı qazıntı üzrə ən zəngin ölkələr sırasına daxildir. Geoloji kəşfiyyat işləri İranda 60 növ faydalı qazıntı olduğunu təsdiqləmişdir. Mütəxəssislərin fikrincə, onların ehtiyatları ümumən 53 milyard tondur və bunun 5,1 milyard tonu metaltərkibli filizlərin payına düşür.