SİYASƏT
İRANIN DAXİLİ İŞLƏR NAZİRİ GƏNCƏDƏ OLMUŞDUR
Ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Əbdülvahid Musəvi-Lari və onu müşayiət edən şəxslər yanvarın 24-də Gəncəyə gəlmişlər. Qonaqlar əvvəlcə Şəhər İcra Hakimiyyətində qəbul edilmişlər. İcra hakimiyyətinin başçısı Eyvaz Babayev qonaqlara şəhərin keçmişi və bu günü, maarif, mədəniyyət, səhiyyə sahəsində son illər qazanılmış uğurlar barədə ətraflı məlumat vermişdir. Nümayəndə heyətinin başçısı cənab Əbdülvahid Musəvi-Lari çıxış etmiş, Azərbaycanda, o cümlədən qədim Gəncə torpağında olmasından şərəf duyduğunu bildirmişdir.
Qonaqlara xatirə olaraq üzərində dahi söz ustası Nizami Gəncəvinin portreti toxunmuş xalçalar hədiyyə edilmişdir.
Səmimi keçən görüşdən sonra İran nümayəndə heyətinin üzvləri Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək əklil qoymuş, xatirə kitabına ürək sözlərini yazmışlar.
Qonaqlar qədim Şah Abbas məscidində günorta namazı qılmışlar.
Daha sonra nümayəndə heyəti dekorativ tətbiqi sənət mərkəzində Gəncə çini ustalarının əl işlərinə baxmış, tarix və diyarşünaslıq muzeyində olmuş, Heydər Əliyev parkını gəzmişlər.
Qonaqlar həmin gün Bakıya qayıtmışlar. İran İslam Respublikasının nümayəndə heyətini Cəncəyə səfərdə milli təhlükəsizlik nazirinin müavini Tofiq Babayev, daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyev və Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov müşayiət etmişlər.