ELM VƏ TƏHSİL
“İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” monoqrafiyası rus dilində çapdan çıxıb
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda aparılan son uğurlu tədqiqatlar əsasında hazırlanmış “İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” monoqrafiyası rus dilində nəşr olunub.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, professor Nazim Müzəffərlinin elmi redaktorluğu ilə nəşr olunan kitab iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasında səmərəli müvazinət axtarışına həsr edilib.
Müvafiq istiqamətdə tədqiqatlar İqtisadiyyat İnstitutunda 2014-cü ildən aparılır. Həmin araşdırmaların gedişində dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi üçün yeni metodologiya hazırlanıb və onun əsasında 62 ölkə üzrə müqayisəli qiymətləndirmələr aparılıb. Bu tədqiqatlar həm Azərbaycan iqtisadçılarının, həm də beynəlxalq ekspert icmasının marağına səbəb olub.
Kitaba institut əməkdaşlarının müvafiq araşdırmaları daxil edilib.
Xatırladaq ki, kitabın Azərbaycan dilində olan ilk nəşrinin aprelin 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təqdimatı keçirilib.