İQTİSADİYYAT
İSTEHLAK BAZARINA NƏZARƏT ÜZRƏ DÖVLƏT XİDMƏTİ İSTEHLAKÇI HÜQUQLARINI TƏBLİĞ EDİR
İqtisadi İnkişaf Nazirliyi yanında istehlak bazarına nəzarət üzrə Dövlət Xidməti əhali, o cümlədən gənclər arasında istehlakçı hüquqlarına dair maarifləndirmə və təbliğat-təşviqat işlərini genişləndirmək məqsədi ilə seminarlar keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə seminarlardan biri Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə təşkil olunmuşdur. Tədbirdə məruzə ilə çıxış edən Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov istehlakçıların hüquqları, onların qorunması sahəsində dövlət qurumlarının, sahibkarların, eləcə də gənclərin üzərinə düşən vəzifələrdən ətraflı danışmışdır. İstehlakçıların hüquqlarının qorunması sahəsində qabaqcıl ölkələrın təcrübəsindən yararlanmağı vacib sayan natiq gənclərə istehlakçı hüquqlarının əsas təbliğatçısı olmağı tövsiyə etmiş və onları bu hüquqların pozulması hallarına qarşı birgə mübarizəyə çağırmışdır.
Sonra Dövlət Xidmətinin və təhsil ocağının nümayəndələri istehlakçı hüquqlarının ən çox pozulduğu sahələr, bunların qarşısının alınması yolları barədə fikirlərini bildirmişlər.
Tədbir iştirakçıları ali təhsil müəssisələrində, əmək kollektivlərində belə seminarların müntəzəm keçirilməsinin və təbliğat işlərinin genişləndirilməsinin əhəmiyyətli olacağını vurğulamışlar.
Sonda seminar iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.