SİYASƏT
“İTALİYA AZƏRBAYCANIN DOSTLARI SIRASINDA OLMAQDAN QÜRUR DUYUR”
İTALİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ BAŞ NAZİRİN MÜAVİNİ İLƏ GÖRÜŞÜNDƏ BELƏ DEMİŞDİR
Azərbaycanın üzləşdiyi ən ağrılı problemdə ona dəstək olan İtaliya hökumətinə minnətdarlığını bildirən Əli Həsənov demişdir ki, dost ölkə 1 milyondan artıq qaçqını və məcburi köçkünü olan respublikamıza 2000-ci ildə 1 milyon 772 min ABŞ dollarına yaxın, sonrakı illərdə isə ümumilikdə 1 milyon avro dəyərində ərzaq yardımı göstərmişdir.
Baş nazirin müavini, həmçinin “ENİ” şirkətinin “Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər” layihəsi çərçivəsində 2,2 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını minnətdarlıqla xatırlatmış və qeyd etmişdir ki, öz növbəsində Azərbaycan hökuməti həmin məbləği BMT-nin Qaçqınlar üzrə Ali Komissarına təqdim etmişdir. Ali Komissarın Azərbaycandakı nümayəndəliyi tərəfindən müvafiq layihə çərçivəsində 18 ay ərzində Xanlar, Beyləqan və Ağcabədi rayonlarında məcburi köçkünlər üçün 377 ev, 2 məktəb, 2 xəstəxana, 5 hamam, 2 uşaq bağçası və sair tikilmiş, 5 artezian quyusu qazılmış, 13 kilometrlik əsas su xətti təmir edilmiş, digər işlər görülmüşdür.
Əli Həsənov bəzi donor ölkələrin Azərbaycanın iqtisadi inkişafını bəhanə gətirərək humanitar yardımı dayandırmasına da münasibət bildirərək demişdir ki, ən inkişaf etmiş ölkələrdə belə kasıb təbəqə, sosial yardıma ehtiyacı olan insanlar vardır. O, səfiri onun üçün əlverişli olan vaxtda çadır şəhərciklərinə səfərə dəvət etmişdir.
Diplomat ölkəsinin ünvanına deyilmiş xoş sözlərə görə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, dost ağır gündə tanınar və biz köməyi kömək xatirinə yox, insanların qayğılarını yüngülləşdirmək üçün göstəririk. Səfir vurğulamışdır ki, İtaliya Azərbaycanın dostları sırasında olmasından qürur duyur. Səfir bəyan etmişdir ki, onun ölkəsi Azərbaycana bundan sonra da humanitar yardım göstərəcəkdir.