ELM VƏ TƏHSİL
İTİ və Avstraliya Federasiya Universiteti birgə tədqiqatlar aparacaq
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev Avstraliya Federasiya Universitetinin dəvəti ilə qurumun Elm, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyət müddətində Ramiz Alıquliyev Avstraliya Federasiya Universitetinin professoru Adil Bağırov və onun optimallaşdırma və “data mining” üzrə tədqiqat qrupu ilə birlikdə böyük həcmli məlumatların (big data) analizi üçün effektiv və real zaman müddətində işləyən klasterləşmə alqoritmlərinin yaradılması istiqamətində tədqiqatlar aparıb.
Avstraliya Federasiya Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında böyük həcmli məlumatlar toplusunun analizi sahəsində tədqiqatların davam etdirilməsi və cari ilin sonuna kimi bu istiqamətdə bir neçə məqalənin hazırlanması qərara alınıb. Gələcəkdə uzunmüddətli elmi ezamiyyətlərin təşkili, birgə fəlsəfə doktoru hazırlığı istiqamətlərində müzakirələr aparılıb və ilkin razılıq əldə edilib