SİYASƏT
IV Bakı Forumu Monteneqro KİV-lərinin diqqət mərkəzində
Podqoritsa, 10 may, AZƏRTAC
Monteneqronun ictimai radio və televiziya xidmətinin internet səhifəsində cari il mayın 4-dən 6-dək Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə Forumun işi, məqsədi, tədbirdə iştirak edən nümayəndələrlə yanaşı, Monteneqronun mədəniyyət naziri Yanko Lyumoviçin Azərbaycana səfəri barədə də məlumat verilir.
Yazıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə təşkil olunduğu bildirilir.
Eyni zamanda, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi zamanı səsləndirdiyi fikirlərə, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərinə, Forumda müzakirə olunan mühüm mövzulara toxunulub, tədbirin mədəniyyət və elm sahələrində əməkdaşlığın genişlənməsi üçün zəmin yaradacağı diqqətə çatdırılıb.
Məqalədə, həmçinin tədbirdə çıxış edən UNESCO-nun Baş Katibi İrina Bokovanın, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Monteneqronun mədəniyyət naziri Yanko Lyumoviçin fikirlərinə də yer verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa