MƏDƏNİYYƏT
İçərişəhərdə təşkil edilən “Qış qalası” yarmarkası başa çatıb
Bakı, 11 yanvar, AZƏRTAC
Qoşa qala qapısı meydanında keçirilən “Qış qalası” adlı Yeni il yarmarkası başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarmarka “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.
Yarmarkada mətbəx nümunələri, əl işləri təqdim edilib. “Qış qalası” təkcə əl işləri, suvenirlər, Yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmayıb. 20 gündən çox davam edən yarmarkada hər gün saat 19:00-dan 21:00-dək tanınmış musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil edilib.
Qeyd edək ki, təşkilatçılar uşaqları da unutmayıblar. Belə ki, yarmarka günlərində uşaqlar üçün də əyləncəli animasiya proqramları həyata keçirilib.
Yarmarka günlərində, həmçinin müxtəlif əyləncəli müsabiqələr keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
“Qış qalası” şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına xoş ovqat bəxş edib və gözəl təəssürat yaradıb.