REGİONLAR
İçməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Tovuzda icra olunan layihələr yekunlaşır






Bakı, 7 dekabr, AZƏRTAC
Əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Tovuz rayonunda icra olunan layihələr yekunlaşmaq üzrədir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu layihələr Tovuz şəhərinin içməli su təminatının daha da yaxşılaşdırılması və su çatışmazlığı müşahidə olunan 5 kəndin içməli su probleminin həllini nəzərdə tutur.
Dövlət başçısının 2018-ci il 30 mart tarixli Sərəncamına əsasən, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su mənbəyi yaradılır. Bu məqsədlə Zəyəmçayın yatağında 1774 metr uzunluğunda drenaj tipli sugötürücü qurğu inşa edilir. Qurğudan saniyədə 100 litr suyun götürülməsi nəzərdə tutulur. Hazırda çay yatağında qazıntı və drenaj sistemlərinin qurulması işləri davam etdirilir. Zəyəmçayın mənbəyində sugötürücü qurğunun gələn ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.
Buradan götürüləcək suyun Tovuz şəhərinə özüaxımlı rejimdə nəqli məqsədilə 530 millimetr diametrli polad borularla 26 kilometr uzunluğunda magistral su kəməri çəkilib. Sugötürücü qurğuda işlər yekunlaşdıqdan sonra magistral kəmərlə Tovuz şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da yay aylarında şəhərin və ətraf kəndlərin içməli su təminatında indiyə qədər yaranan problemlər bir daha müşahidə olunmayacaq.
Həmçinin dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, Tovuz şəhəri ilə yanaşı, Gədəbəy, Lerik, Şamaxı şəhərlərində də alternativ su mənbələrinin yaradılması işləri davam etdirilir.
Tovuz rayonunda icra olunan digər layihə çərçivəsində isə içməli sudan ciddi əziyyət çəkən Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərində yeni su təchizatı infrastrukturları yaradılıb. Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq bu kəndlər üzrə layihələr hazırlanıb və cari ilin yayında tikinti-quraşdırma işlərinə başlanılıb. Kəndləri içməli su ilə təmin etmək üçün 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr olan 2 anbar yenidən qurulub, anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılıb. Qısa müddətdə kəndlərdə 40 kilometr su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 175 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Tovuz rayonun 5 kəndində icra olunan içməli su layihəsindən 12 mindən çox sakin faydalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə icra olunan layihələr 19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edir. Bu layihələrin icrası nəticəsində kəndlərdə 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.