CƏMİYYƏT
İctimai yerlərdə iki nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 24-də polis əməkdaşları tərəfindən respublika ərazisində iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.