REGİONLAR
İkinci Dünya müharibəsində Salyan rayonundan 5726 nəfər iştirak edib
Salyan, 8 may, Mahir Babayev, AZƏRTAC
İkinci Dünya müharibəsində faşizmə qarşı Salyan rayonundan 5726 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Salyanda faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə keçirilən mərasimdə söz açılıb.
Tədbir iştirakçıları əvvəlcə II Dünya müharibəsində həlak olanların xatirə kompleksi önünə gül dəstələri qoyublar. Sonra Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun abidəsi ziyarət olunub.
Mərasimdəki çıxışlarda bildirilib ki, İkinci Dünya müharibəsində qələbənin qazanılmasında şücaət göstərən 600 mindən çox həmyerilimizin arasında 5726 nəfər salyanlı da olub. Onlardan 1516 nəfəri döyüşlərdə həlak olub və ya itkin düşüb, 3700 nəfər isə yaralanıb. Bu gün onların hər birinin xatirəsinin hamı üçün əziz olduğunu vurğulayan natiqlər qələbənin əldə edilməsində Azərbaycanın tarixi rolundan da ətraflı söhbət açıb, ölkəmizdə müharibə veteranlarına göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.