ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutu Bakının Binəqədi rayonunda abituriyentlərlə görüş təşkil edib
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2020-2021-ci tədris ili üzrə yüksəkintellektli və savadlı gənclərin instituta cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün ənənəvi məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut növbəti tədbirini Binəqədi rayonunda keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev çıxışında milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə düşən vəzifə olduğunu bildirib. Ş.Gülverdiyev ölkədəki mövcud ictimai-siyasi sabitlik, onun dəyərləri və bu istiqamətdə görülmüş işlər barədə danışıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Rektor Ceyhun Məmmədov ulu öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin təhsil sahəsində apardığı islahatlar haqqında danışıb. Vurğulayıb ki, bu istiqamətdə atılan addımlar Azərbaycan xalqının xoş gələcəyinə xidmət göstərəcək səviyyədə uğurla davam etdirilir. Bu sahədə görülən genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə şərait yaradır.
Ceyhun Məmmədov tədbir iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məruzə edib. O, institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri barədə məlumat verib. Tələbə-müəllim münasibətlərindən bəhs edən rektor gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün ali təhsil müəssisəsində lazımi şərait yaradıldığını nəzərə çatdırıb.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris olunan fənlər, ixtisaslar haqqında məlumat verib. İnstituta qəbul ediləcək abituriyentlərin bütün dinlər haqqında dərin biliklərə sahib olacaqlarını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsində dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin biliyə malik alimlər tərəfindən aparılır.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili və ixtisaslar haqqında geniş məlumat verib. Bildirib ki, instituta qəbul olunan hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılan lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Tələbələr ödənişsiz geyim və yeməklə təmin ediləcək, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaq və digər üstünlüklərə yiyələnəcəklər.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.