REGİONLAR
İlisu kəndi özünəməxsus memarlıq xüsusiyyətlərinə malikdir VİDEO
Qax, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın malik olduğu zəngin mədəni irsin mühafizəsi, inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin əsas tərkib hissələrindəndir. Qax rayonunda 2002-ci ildən fəaliyyət göstərən İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu bu ərazidə yerləşən İlisu, Ağçay və Sarıbaş kəndlərinin özünəməxsus memarlıq simasının, tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasına, ölkə və dünya ictimaiyyətinə tanıdılmasına öz töhfəsini verməkdədir.
Qoruğun direktoru Azər Qocayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ərazidə yerləşən mədəniyyət və memarlıq abidələrinin mühafizəsi üçün görülən işlərdən danışıb. Bildirib ki, hazırda qoruğun ərazisində mühafizəyə götürülən 50 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bu abidələrdən 13-ü dövlət qeydiyyatına alınıb. Onlardan ikisi – inşa tarixi XVII-XVIII əsrlərə aid edilən “Sumuq qala” və “Ulu məscid” ölkə əhəmiyyətli tarixi-memarlıq abidələridir. Hər iki abidə dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Digər 37 abidənin də qeydiyyatı ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunub.
Qoruğun direktorunun məlumatına görə, ərazidə olan abidələrin bir qismi, o cümlədən “Sumuq qala”, “Ulu körpü” və “Ulu məscid” İlisu sultanlığı dövründə inşa edilib. “Qalaça”, “Bürc qala” və digərləri isə çar qoşunlarının işğalından sonra inşa edilmiş abidələrdir. Qoruğun ərazisində alban dövrünə aid abidələrə də rast gəlmək mümkündür. “Cinli qala”, Ağçay kəndindəki “Oğlan qala-qız qala”, “Kilsə qalıqları” və başqaları belə abidələrdəndir.
Müsahibimiz deyib ki, “Sumuq qala”nın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. İlk vaxtlar sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunub. İri ölçülü pəncərələr bunu sübut edir. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı.
2005-2006-cı illərdə “Sumuq qala”nın bərpasından sonra burada yerli əhalidən könüllü şəkildə toplanmış qədim əşyalar və sənətkarlıq nümunələri əsasında muzey yaradılıb. Abidə rayona gələn yerli və xarici turistlər üçün də böyük maraq kəsb edir. “Sumuq qala” tarixi-memarlıq abidəsini hər il 2-2,5 minədək turist ziyarət edir.
Qoruğun ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də “Ulu körpü”dür. İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınan körpü əlverişli yerdədir. Şıltaq dağ çayının gətirdiyi coşqun sel-sulara mərdliklə sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa edilib.
İlisu kəndinin özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olduğunu vurğulayan Azər Qocayev deyib: “İlisu kəndinin özü bütövlükdə bir abidədir. Burada inşa edilən yaşayış evləri Azərbaycanın memarlıq xüsusiyyətlərini əks etdirsə də, özünəməxsus amillər də mövcuddur. Məsələn, təbii şərait və yerli inşaat materialları yaşayış evləri memarlığının formalaşmasını şərtləndirən əsas amillər olub. Böyük və kiçikliyindən asılı olmayaraq, kənddəki hər bir yaşayış evinin özünəməxsus gözəlliyi var. Bu, onların düzgün tapılmış nisbətləri, yığcam formaları və incə detalları ilə izah olunur”.
Qoruğun direktoru bildirib ki, küçəyə açılmış balkonlar, tağ şəklində giriş qapıları, qapıların hər iki tərəfində daş tumbalar (oturacaqlar) bu evlərin əsas memarlıq xüsusiyyətləridir. Yaşayış evlərinin küçəyə baxan tərəfi və giriş qapılarının kənarları yüksək sənətkarlıqla işlənmiş kəsmə daşlardan inşa edilib. Binaların inşasında yastı daşlardan, əhəng məhlulu və gil torpaqdan istifadə olunması evlərin yeraltı təkanlara davamlılığını xeyli artırır. 2012-ci ilin mayında, habelə bu ilin iyununda bölgədə baş vermiş zəlzələdən qədim evlər o qədər də ciddi ziyan çəkməyib.
Evlərin əksəriyyətində giriş qapısının kənarında ərəbcə yazılmış daş kitabələrə rast gəlinir. Bu kitabələrdə evlərin tikilmə tarixi, ev sahibinin və ustaların adları həkk olunub. Bəzi evlərin tikintisində istifadə olunmuş daşlar üzərində naməlum rənglərlə yazılmış ərəbcə yazılara da rast gəlmək mümkündür və onlar yalnız su vurduqda aydın oxunur. Kənddəki Qocayevlərin, Kərimovların, Həsilovların evləri daha zəngin memarlıq xüsusiyyətlərinə malik tikililərdən hesab olunur.
Azər Qocayev deyib ki, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu mədəni irsimizin nadir incilərinin qorunaraq tam şəkildə gələcək nəsillərə çatdırılması istiqamətində səmərəli fəaliyyətini bundan sonra da məqsədyönlü şəkildə davam etdirəcək.