REGİONLAR
İmişlidə 1352 uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib
İmişli, 4 yanvar, Mahir Babayev, AZƏRTAC
İmişlinin 50 ümumtəhsil məktəbində 79 məktəbəhazırlıq qrupu yaradılıb.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məktəbəhazırlıq qruplarına sənədlərin qəbulu avqustun 15-dən sentyabrın sonunadək aparılıb. Qruplarda məşğələləri aparmaq üçün təcrübəli ibtidai sinif müəllimləri müəyyənləşdirilib və onlar təlim kurslarına cəlb olunublar. Oktyabr ayından fəaliyyətə başlayan məktəbəhazırlıq qruplarından ikisində tədris rus dilində aparılır.
Məktəbəhazırlıq qruplarının yaradılması həm uşaqları hər hansı hazırlıq məşğələlərinə aparmaqdan azad edir, həm də onların məktəbə adaptasiyasını asanlaşdırır. Azyaşlılar dövlət tərəfindən əyani vəsaitlərlə təmin olunublar.
Qeyd edək ki, rayonda 1352 uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib. Bu, İmişlidə növbəti tədris ilində birinci sinfə gedəcək uşaqların 75 faizini təşkil edir.