REGİONLAR
İmişlidə bu mövsüm 16 min 446 hektar zəminin məhsulu yığılacaq
İmişli, 5 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlinin fərdi fermer təsərrüfatlarında taxıl biçini davam edir. İndiyədək 2 min 332 hektar sahədə biçin aparılıb və 8 min 721,7 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 37,4 sentner olur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ilin payızında rayonda 16 min 446 hektar sahədə taxıl əkilib. Bunun 7 min 319,8 hektarı arpa, 9 min 126,2 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 39,1 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.
Hazırda arpa sahələrində məhsul yığılır. Kampaniyanı vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, diqqət məhsulun itkisiz yığılmasına yönəldilib. Bu məqsədlə sahələrə 33 kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 100-dən çox maşın və mexanizm işə cəlb olunub. Mütəxəssislərin fikrincə, bu il sahələrdən təxminən 70 min ton məhsul götürmək mümkün olacaq.
Qeyd edək ki, ötən il rayonda 17 min 151,8 hektar taxıl sahəsindən 67 min 119,2 ton taxıl yığılıb və hər hektarın məhsuldarlığı 39,1 sentner olub.