İQTİSADİYYAT


İndoneziya mətbuatı: Azərbaycan ilə qarşılıqlı investisiyaların artırılması müzakirə edilib

İndoneziya mətbuatı: Azərbaycan ilə qarşılıqlı investisiyaların artırılması müzakirə edilib

Cakarta, 7 dekabr, AZƏRTAC

İndoneziyanın ANTARA Milli İnformasiya Agentliyi Azərbaycan və İndoneziya arasında qarşılıqlı investisiyaların artırılması səyləri barədə aparılan müzakirələrlə bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan İndoneziya ilə qarşılıqlı investisiyaların artırılması səylərini müzakirə edib” başlıqlı məqalədə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Cakartaya səfəri və burada apardığı danışıqlar barədə ətraflı məlumatlar öz əksini tapıb. Qeyd edilib ki, E.Məmmədovun dekabrın 6-da İndoneziya Xarici İşlər Nazirliyində apardığı müzakirədə iki ölkə arasında biznes və ikitərəfli investisiyaların artırılması səyləri mövzusuna xüsusi diqqət yetirilib.

Bildirilib ki, “Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin 30 illiyi” mövzusunda tədbir çərçivəsində tərəflər iki ölkənin iş adamları üçün işgüzar görüşlərin təşkili məqsədilə bütün lazımi addımların atılması barədə razılığa gəliblər. İlk növbədə iş adamları və investorlar arasında qarşılıqlı sərmayə yatırımının artırılması üçün onların yerinə yetirməli olduqları şərtlər barədə məlumatlandırılmasının zəruriliyi qeyd edilib.

Eyni zamanda, məqalədə nazir müavininin tərəflər arasında ikitərəfli investisiya müqaviləsinin imzalanmasının vacibliyini qeyd etdiyi və bunun investorların gələcəkdə qarşılaşa biləcəkləri problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyət daşıdığını söylədiyi əksini tapıb. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 19 İndoneziya şirkətinin fəaliyyət göstərdiyi və onların bəzilərinin Qarabağda həyata keçiriləcək layihələr üçün müraciət etdikləri də diqqətə çatdırılıb.

Yazıda cari ildə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 500 milyon ABŞ dolları səviyyəsinə çatdığı da əksini tapıb. Qeyd edilib ki, bu ilin ilk 10 ayında iki ölkə arasında ticarət əməliyyatlarının əksəriyyəti Azərbaycandan İndoneziyaya xam neft ixracı ilə bağlı olub.

İndoneziyadan Azərbaycana isə palma yağı, maşın və avadanlıq ixrac edilib.

Məqalədə iki ölkənin biznes icmaları arasında dialoqu dəstəkləmək üçün Azərbaycan və İndoneziya hökumətləri tərəfindən hər cür səy göstəriləcəyi barədə fikirlər də yer alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.