DÜNYA
İndoneziyada prezidentin rəqibi seçkilərin nəticələrinin ləğvinə çalışır
Tokio, 27 may, AZƏRTAC
İndoneziya silahlı qüvvələrinin xüsusi təyinatlılar bölməsinin keçmiş komandiri, prezident seçkilərində qalibin rəqibi olmuş Prabovo Subianto ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək təkrar həmin vəzifəyə seçilmiş Coko Vidodonun qələbəsini ləğv etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, P.Subianto seçkilərdə vitse-prezident vəzifəsini tutmaq uğrunda mübarizə aparmış Cakartanın sabiq qubernatorunun müavini Sandiaqo Uno ilə birlikdə məhkəməyə müraciət edib.
Məhkəmənin nümayəndəsi Facar Laksono isə iddiaya iyunun 14-də baxılacağını və iyunun 28-də məsələ ilə bağlı qərar qəbul ediləcəyini bildirib.
Xatırladaq ki, İndoneziyada etirazlar seçkilərin nəticələrinin elan edilməsindən dərhal sonra, mayın 21-də başlanıb. Seçkilərdə məğlub edildiyi elan edilən ehtiyatda olan general Prabovo Subiantonun tərəfdarları nümayişlərə çıxaraq nəticələrlə razılaşmadıqlarını bildiriblər. Onlar seçkilər günü hakimiyyətdə olan prezident Coko Vidodonun xeyrinə çoxsaylı pozuntulara yol verildiyini təkid edirlər. Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, C.Vidodo səslərin 55,5, P.Subiantı isə 45,5 faizini toplayıb.
Hakimiyyət orqanları kütləvi iğtişaşlar nəticəsində səkkiz nəfərin öldüyünü, 300-ə yaxın insanın isə xəstəxanalara yerləşdirildiyini bəyan edib. Hazırda Cakarta polisi baş verənlərlə əlaqədar təhqiqat aparır. Hakimiyyət orqanlarının bildirdiyinə görə, etiraz aksiyaları zamanı polis nə odlu, nə də soyuq silahdan istifadə etməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio