ELM VƏ TƏHSİL
İntellektual oyun üzrə regional məktəb çempionatının qalibləri mükafatlandırılıblar
Bakı, 31 may, AZƏRTAC
Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, çempionata 61 məktəbin komandası qatılıb.
Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov iştirakçılara uğurlar arzulayıb.
Yarışın qalibi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin, Gəncə şəhəri 25 nömrəli tam orta məktəbin, eləcə də Şəmkir, Lənkəran, Zərdab, Zaqatala, Şirvan, İmişli, Xaçmaz, Bərdə rayonlarının komandaları layiq görülüb.
Çempionatın keçirilməsinin əsas məqsədi gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdir. Yarış respublika üzrə 12 zonanı - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay şəhərlərini əhatə edib.
Çempionatın yekun tədbirində Təhsil Nazirliyinin “BİR” Tələbə Könüllüləri də fəallıq göstəriblər.
Qaliblər Təhsil Nazirliyinin kubok və medalları, həmçinin Nar Mobile şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.