CƏMİYYƏT
İntiqam Babayev: Gələcəkdə beynəlxalq tələbə mübadilələri işğaldan azad edilmiş ərazilərdə də aparılacaq
Bakı, 28 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Həkimlər və Təbib Tələblər” İctimai Birliyi iyulun 1-dən 31-dək xarici tibb tələbələrinin Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə və Tədris Terapevtik klinikalarında təcrübə proqramını təşkil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramına Almaniya, Avstriya, İtaliya, Rumıniya və Polşadan beş tibb tələbəsi cəlb olunub.
Təcrübə proqramının iştirakçıları ilə görüşən gənclər və idman nazirinin müavini İntiqam Babayev pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, gənclər arasında beynəlxalq mübadilələrin aparılmasının əhəmiyyətini qeyd edib. O, belə formatda mübadilənin gənclərin peşəkar inkişafına müsbət təsirinin, eyni zamanda, ölkənin mədəniyyəti və tarixi barədə canlı formada tanışlığın faydalı olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərdə hazırda quruculuq və bərpa işlərinin getdiyini deyən nazir müavini gələcəkdə beynəlxalq gənclər mübadilələrinin həm də həmin ərazilərdə aparılacağını vurğulayıb.
“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi 2005-ci ildən Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyasının işində və onun tələbə mübadiləsi proqramlarında fəal iştirak edir. Birlik 2007-ci ildən federasiyanın tamhüquqlu üzvüdür. Federasiya hazırda sıralarında beş qitədən 141 təşkilatın tərkibində 1,4 milyon tibb tələbəsini ətrafında birləşdirir.
2007-2020-ci illərdə Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyası ilə əməkdaşlıq çərçivəsində 1000-dən çox Azərbaycan gəncinin dünyanın inkişaf etmiş ölkələrinin klinikalarında elmi və praktiki təcrübə proqramlarında iştirakı təmin olunub. İki yüzdən artıq əcnəbi gənc isə Azərbaycanda təcrübə mübadiləsinə cəlb edilib. Təcrübə proqramları yeni müalicə metodları ilə gənclərin yaxından tanış olmalarına imkan yaratmaqla yanaşı, bir mütəxəssis kimi formalaşmalarına güclü təkan verir.