ELM VƏ TƏHSİL
İnzibati icraçı vəzifələr üzrə test imtahanında müvəffəqiyyət qazanan şəxslərin qeydiyyatına başlanılıb
Bakı, 19 fevral, AZƏRTAC
İnzibati icraçı vəzifələrə (B növ) aid vəzifə qrupları üzrə keçirilən test imtahanından uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün fevralın 19‑dan martın 2-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin məlumatlarının düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının skan edilmiş surətləri formaya əlavə olunur.
Sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda namizəd həmin sənədin (sənədlərin) müəyyənləşmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.