MƏDƏNİYYƏT
İpəkdə yaşayan izlər
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı T.Məmmədzadə barədə məlumat verərək onun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Türkiyənin Marmara Universitetinin doktorantı olduğunu söyləyib.
Tünzalə Məmmədzadənin incəsənətdə yeni yol açdığı vurğulanaraq qeyd olunub ki, o, dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır. Yaradıcılığının əsasını ipək üzərində rəsmlər və kalliqrafik əsərlər tutur. Müxtəlif mövzulara müraciət edən rəssamın əsərləri arasında dini motivli tablolar üstünlük təşkil edir.
Bildirilib ki, onun əsərləri qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.
Tədbirdə Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, rəssamın müəllimləri və digər çıxış edənlər Tünzalə Məmmədzadəni təbrik edib və ona uğurlar arzulayıblar. Bildirilib ki, ənənəvi və müasir incəsənətin mübarizə apardığı bir dövrdə sənətin yeni yaranmaqda olan bu qolu incəsənətə bir töhfədir.
Tünzalə Məmmədzadənin və onun tələbələrinin sərgisinin orijinal olduğu vurğulanaraq əsərlərdə yaradana və yaradılana sevginin hiss olunduğu qeyd edilib. Bildirilib ki, bu əsərlər insan ruhunun əksidir.
Diqqətə çatdırılıb ki, Tünzalə Məmmədzadə bu sənəti gənclərə öyrətmək missiyasını yerinə yetirir.
Rəssam sərginin təşkilində yardımçı olan hər kəsə təşəkkürünü bildirib.
Sonda iştirakçılar sərgi ilə yaxından tanış olublar.