CƏMİYYƏT


İqtisadçı-ekspert: İcbari tibbi sığorta sistemi sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməlidir

Bakı, 21 noyabr, AZƏRTAC

Məlum olduğu kimi, 2020-ci il yanvarın 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. İcbari tibbi sığortanın üstünlükləri və onun tətbiqi zamanı yarana biləcək problemlərlə bağlı iqtisadçı-ekspert, “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyinin sədri, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva AZƏRTAC-a öz fikirlərini bildirib.

R.Abdullayeva bildirib ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir: “İcbari tibbi sığorta - əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem, sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İcbari tibbi sığortanın bir sıra üstünlükləri var. Belə ki, sözügedən sistem, dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibb personalının əməkhaqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və tibbi xidmətlərə xərclədiyi vəsaitlərin payını azaldır”.

İqtisadçı-ekspert vurğulayıb ki, bütün bunlar icbari tibbi sığortaya keçidin nə qədər zəruri olduğunu bir daha sübut edir: “Lakin ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələli şəkildə, yəni əvvəlcə bir və ya bir neçə iqtisadi rayonda tətbiq olunmasını onun səmərəli fəaliyyəti nöqteyi-nəzərindən vacib hesab edirəm.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə reallaşdırdığımız “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” layihəsinin icrası zamanı da ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələlərlə (təbii ki, yaxın müddətdə) olmasının daha səmərəli olacağına bir daha əmin olduq. Düşünürəm ki, yeni sistem nə qədər mütərəqqi olsa belə, onun tətbiqi zamanı bir sıra problemlər meydana çıxacaq. Bu problemlərin öyrənilməsi və aradan qaldırılması digər iqtisadi rayonlarda və ya bölgələrdə sistemin səmərəli fəaliyyətinə zəmin yaradacaqdır. Onu da qeyd edim ki, hazırda icbari tibbi sığorta sisteminin çox uğurla fəaliyyət göstərdiyi ölkələrdə də bu mexanizmin tətbiqi mərhələlərlə həyata keçirilmişdir.

Bunlarla yanaşı, icbari tibbi sığortanın tətbiqi zamanı mühüm məsələlərdən biri də bütün əhali qrupları üçün onun əlçatan olmasıdır. Düşünürəm ki, icbari tibbi sığorta sistemi sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.