İQTİSADİYYAT
İran İslam Respublikası ilə toxumçuluq sahəsi üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Kənd Təsərrüfatı Nazirliyində İran İslam Respublikasının buğda toxumu istehsalı üzrə fəaliyyət göstərən sahibkarlarla toxumçuluq sahəsi üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qardaş ölkə ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. İ.Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısından söhbət açaraq, kənd təsərrüfatının müxtəlif sahələrinə verilən subsidiyalar, olunan güzəştlər, o cümlədən buğda istehsalının stimullaşdırılmasına, həmçinin toxum və ting istehsalına dövlət tərəfindən verilən yardımlar barədə məlumat verib.
Nazir müavini kənd təsərrüfatının prioritet bir sahə olduğunu, ölkə başçısının əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini qarşıya bir məqsəd qoyduğunu, həmçinin iri taxılçılıq təsərrüfatlarının yaradılmasına önəm verildiyini, bu sahənin daha da inkişaf etdirilməsi üçün toxumçuluğun elmi əsaslarla inkişafının vacibliyini bildirərək bu sahədə İran İslam Respublikası ilə əməkdaşlığa önəm verdiyini söyləyib.
İ.Quliyev Azərbaycanda toxum fondunun yaradılmasının əhəmiyyətindən danışaraq hər iki ölkənin torpaq iqlim şəraitini nəzərə alaraq bu sahədə birgə müəssisələrin yaradılmasını və toxum mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.
İran İslam Respublikası "Pishgaman Sabz Urmia" Biznes Şirkətinin icraçı direktoru Sirvan Ərdalanzadə ölkəmizlə toxumçuluq sahəsi üzrə əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda, İranda əkilən arpa və buğda sortlarının Azərbaycanda, Azərbaycanda əkilən arpa və buğda sortlarının isə İranda sınaqdan keçirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Qonaqlar dörd gün müddətində Azərbaycanda olmaqla, toxumçuluq şirkətlərinin fəaliyyəti ilə tanış olacaqlar.