DÜNYA
İranda ağır məhkəmə prosesi davam edir
Tehran, 22 iyun, AZƏRTAC
İranda terror təşkilatı yaratmaqda və Vətənə xəyanətdə ittiham olunan Cəmşid Şərməhdinin işi üzrə məhkəmə prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, bugünkü məhkəmə prosesində Cəmşid Şərməhdiyə qarşı tərtib olunan ittiham aktı oxunub. İttiham aktını oxuyan prokuror bildirib ki, müttəhim xarici dövlətlərin xüsusi xidmət orqanlarının təmsilçiləri ilə görüşərək əldə etdiyi məxfi məlumatları onlara çatdırıb. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) ölkənin müxtəlif yerlərində yerləşən hərbi bazalarının, o cümlədən raketlərin yerlərini və ünvanlarını öyrənərək xarici dövlətlərə satıb.
İbtidai istintaq zamanı müttəhim etiraf edib ki, bu kimi məxfi məlumatları əldə edərək ABŞ-a aparıb və xüsusi xidmət orqanlarının nümayəndələrinə satmaq istəyib. Lakin ABŞ Federal Tədqiqatlar Xidmətinin təmsilçisi bunu ciddi qəbul etməyib. Bundan sonra Cəmşid Şərməhdi sənədləri internet saytlarında dərc edib.
Bundan başqa, C.Şərməhdi İranın Şahrud şəhərindəki neftayırma zavodunun partladılmasında, Abadan şəhərinə səsli bomba atılmasında, Şiraz şəhərində İran Dövlət Televiziyasının bürosunun binasını partlatmaqda və bir çox başqa terror aksiyalarını törətməkdə ittiham edilir.
Məhkəmədə məlum olub ki, C.Şərməhdi və onunla əlbir olanların planlaşdırdıqları bir sıra terror aksiyalarının qarşısı İranın xüsusi xidmət orqanları tərəfindən alınıb.
İran mətbuatı yazır ki, uzun illər gizli fəaliyyət göstərərək dövlətə və xalqa böyük zərərlər vuran və terrorçu dəstəyə rəhbərlik edən C.Şərməhdini dar ağacı gözləyir.
Növbəti proses gələn həftə keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran