CƏMİYYƏT
İrlandiyalı skaut: bu, skautların ən irimiqyaslı forumudur VİDEO
Bakı, 15 avqust, AZƏRTAC
İlk dəfədir Bakıdayam və şəhərin gözəlliyinin xoş təsiri altındayam. Azərbaycana səfərimdən əvvəl “Eurovision-2012” mahnı müsabiqəsi zamanı Bakıda olan dostlarım mənə burada yerli sakinlərin qonaqpərvərliyi və paytaxtınızın gözəl yerləri haqda danışıb. Burada tarixi abidələrin və müasir arxitektura layihələrinin sintezi sehrli ab-hava yaradır. Mən İrlandiyadan gəlmişəm. İndiyə qədər çox ölkələrdə olmuşam, lakin həmin ölkələrdən heç biri mənim ürəyimdə Azərbaycan qədər parlaq iz qoymayıb.
Dünya Skaut Gənclər Forumunun İrlandiyadan olan iştirakçısı Klair Mkaroy bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
İrlandiyalı skaut qeyd edib ki, bu, onun iştirak etdiyi ən irimiqyaslı forumdur.
“Mən Bakıya heyranam. Burada dünyanın müxtəlif ölkələrindən skautlar toplanıb. Mən burada özümə yeni dostlar tapmışam. Birlikdə müxtəlif mövzularda lazımi müzakirələr aparırıq. Forumun bu cür yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığımı bildirirəm”, - deyə Klair Mkaroy əlavə edib.