CƏMİYYƏT
İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi ilə Tatarıstanın “Sələt” təşkilatı arasında niyyət protokolu imzalanıb
Bakı, 17 mart, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının Gənclər Nazirliyinin binasında İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (İƏGF ARM) ilə Tatarıstanın aparıcı gənclər təşkilatı olan “Sələt” arasında əməkdaşlığın növbəti üçillik fəaliyyət proqramını tənzimləyən niyyət protokolu imzalanıb.
İƏGF ARM-dən AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimi çərçivəsində Tatarıstan Respublikasının gənclər naziri Timur Süleymanov Forumun Avrasiya üzrə Regional Mərkəzinin son illərdə “Sələt” təşkilatı və rəhbərlik etdiyi nazirlik ilə bir yerdə Tatarıstanda uğurla həyata keçirilən beynəlxalq layihələrdən bəhs edib. O, növbəti illərdə bu uğurların davam etdirilməsi baxımından niyyət protokolunun imzalanlanmasını dəstəklədiyini bildirib.
İndiyədək İƏGF ARM-in və “Sələt”in birgə təşkilatçılığı ilə İƏT Gənc Sahibkarlarının Beynəlxalq Forumu, Beynəlxalq İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənc Startapçılar Forumu və başqa beynəlxalq tədbirlər keçirilib. Bu layihələrdə bir çox İƏT ölkələrini təmsil edən gənc liderlər iştirak ediblər.
İƏGF ARM-nin baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov və “Sələt” gənclər təşkilatının direktoru Aygül Qabdrrəhmanovanın imzaladığı niyyət protokolunda yaxın üç il ərzində Tatarıstanda keçiriləcək beynəlxalq tədbirlərin təşkili üzrə konkret addımlar əksini tapıb. İlk olaraq bu il martın 26-27-də növbəti debat çempionatının Kazanda keçirilməsi planlaşdırılır.