ELM VƏ TƏHSİL


“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Heydər məscidini ziyarət ediblər.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, qonaqlara Qafqazın ən böyük məscidi, dini ibadət müəssisəsi haqqında məlumat verilib. Bildirilib ki, 2014-cü ilin dekabrında açılan məscid milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunub, 12 min kvadratmetr sahəni əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda arxitektura harmoniyası yaradıb, həmçinin 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxili xüsusi bəzək elementləri ilə dizayn edilib, günbəzin kənarlarına Quran ayələri həkk olunub. Əlli beş metr ucalığında olan baş günbəz, o cümlədən hündürlüyü 35 metrə çatan ikinci günbəz məscidə xüsusi gözəllik verir.

Vurğulanıb ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib, məscidin açılışında ailəsi ilə bərabər iştirak edib.

Qonaqlara, eyni zamanda, məsciddə qılınan “Vəhdət” namazları barədə məlumat verilib. Heydər məscidində “Vəhdət” namazının ənənə halı aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bunun dünyaya həmrəylik və sülh mesajı olduğu nəzərə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.