ELM VƏ TƏHSİL
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib. Tədbirdə ictimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər və işəgötürənlər iştirak edib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qonaqlara mərkəzdə tələbələr üçün yaradılan şərait, tədris olunan ixtisaslar və peşə məktəbinin digər imkanları haqqında ətraflı məlumat verilib.
“Açıq qapı” gününə gələn qonaqlar, həmçinin aşpaz, dərzi, xalçaçılıq istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Müxtəlif istiqamətlər üzrə təşkil edilən ustad dərsləri maraqla izlənilib. Diqqətə çatdırılıb ki, mərkəzdə əsasən turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Mərkəzin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Tədbir zamanı işəgötürən təşkilatların rəhbərləri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib, bu əməkdaşlığın tələbələr və işəgötürənlər üçün müsbət nəticə verdiyini vurğulayıblar. “Açıq qapı” günündə iştirak edən məzunlar şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyələrini verib və uğur hekayələrini, təcrübələrini onlarla bölüşüblər.
Qeyd edək ki, “Açıq qapı” gününün məqsədi peşə təhsili müəssisəsi haqqında məlumatlılıq səviyyəsini artırmaq, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.