REGİONLAR
İsmayıllı: bu il azı 150 ton yaş tütün istehsal ediləcəyi gözlənilir
İsmayıllı, 26 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda tütün yığımı sürətlə davam edir və sahibkarlar indiyədək 95,4 ton məhsul toplayıblar.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, bu mövsümdə Diyallı, Topçu, Təzəkənd və Qalınçaq ərazi vahidlərində, ümumilikdə, 15 hektarda tütün yetişdirilib. Əkin sahələrinin 10 hektarı Diyallı kəndindədir. Diyallıda sahibkarlar qurudulan tütünü təhvil verməyə başlayıblar. Onlar hər kiloqramı 2 manatdan olmaqla, məhsulu Şəkidəki “İlham M” MMC-yə satırlar. Bu il rayonda azı 150 ton yaş tütün istehsal ediləcəyi gözlənilir.
Qeyd edək ki, tütünçülük İsmayıllıda vaxtilə təsərrüfatın ənənəvi sahələrindən olub. Uzun fasilədən sonra, nəhayət keçən ildən rayonda yenidən tütün əkininə başlanılıb. Ötən il 5 hektarda, bu il isə üç dəfə çox sahədə məhsul yetişdirilib. Gələn il əkin sahələrinin azı iki dəfə artırılacağı nəzərdə tutulub.