REGİONLAR
İsmayıllıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
İsmayıllı, 14 aprel, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllıda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir keçirilib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli və idarənin əməkdaşı Samir Zülfiyev çıxış ediblər. Çıxışlarda Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu günün məqsədinin insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək olduğu vurğulanıb. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.
Sonra tədbir şəhərin mərkəzi meydanında təşkil olunan konsert proqramı ilə davam etdirilib.
İştirakçılar mərkəzi meydanda nümayiş olunan sərgi ilə də tanış olublar.