REGİONLAR
İsmayıllıda Özbəkistanın keramika sərgisi açılıb
İsmayıllı, 24 aprel, AZƏRTAC
Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhərindən gələn nümayəndə heyətinin iştirakı ilə İsmayıllıda özbək keramika sərgisi açılıb. Heydər Əliyev Mərkəzində açılan sərgi rayon ictimaiyyətinin böyük marağına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 200-dən çox eksponatın düzüldüyü sərgi iki hissədən – keramika və çini məmulatlardan ibarətdir. Özbəkistan Milli Universitetinin professoru Neginakhon Şermuhamedova Riştan şəhərinin ölkəsinin keramika paytaxtı olduğunu vurğulayıb, sərgiyə gələnlərə hər bir eksponatın simvolik mənasını, sənətkarlıq dəyərini izah edib.
İsmayıllıdakı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva sərginin əhəmiyyətindən, ismayıllılıların, xüsusən keramika üzrə yerli sənətkarların bu sərgini maraqla qarşıladıqlarını vurğulayıb, Azərbaycan və özbək xalq sənətkarlığının qədim tarixindən, müasir durumundan danışıb.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Azərbaycan-Özbəkistan keramika sənətkarlığının demək olar ki, bir mənbədən qaynaqlandığını diqqətə çatdırıb, sərginin təşkilatçılarına təşəkkürünü bildirib.
Sonda özbəkistanlı qonaqlar sərgini bütün eksponatları ilə birgə Heydər Əliyev Mərkəzinə hədiyyə ediblər.