CƏMİYYƏT
İsmayıllıda meşədə narkotik becərən şəxslər yaxalanıblar
Bakı, 3 avqust, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis şöbəsinə rayonun Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov həyata keçirilən tədbirlər nəticəsində elə “iş başında” yaxalanıblar. Əraziyə baxış zamanı 41 çətənə kolu aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadə, həm də satmaq məqsədilə becərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanıb. Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.