REGİONLAR
İsmayıllıda şadlıq saraylarında reyd keçirilib
İsmayıllı, 12 iyul, AZƏRTAC
İsmayıllıda toy, nişan, ad günləri və sair kimi şənlik mərasimlərinin COVID-19 təhlükəsi ilə əlaqədar tətbiq edilən məhdudiyyət tələblərinə uyğun keçirilməsinə nəzarət məqsədilə reyd keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təşkil olunan reyd icra hakimiyyəti başçısı aparatının, polis şöbəsinin əməkdaşlarının və mobil qrupların iştirakı ilə keçirilib. Reyd zamanı rayon ərazisində fəaliyyət göstərən 4 şadlıq sarayında vaksinasiya ilə əlaqədar yoxlama aparılıb, habelə maarifləndirmə işləri görülüb. Şadlıq saraylarında məclisə gələn 220 nəfərin vaksinasiya olunmaq barədə sənədinə baxılıb. 16 nəfər peyvənd olunmadığı üçün geri qaytarılıb. 15 nəfərə xəbərdarlıq olunub. Bir nəfər isə cərimə edilib.
Qeyd edək ki, rayon icra hakimiyyətində yaradılan operativ qərargahın üzvləri tərəfindən şadlıq saraylarında və həyətlərdə təşkil olunan məclislərə mütəmadi olaraq nəzarət olunur. Keçirilən reydlərin əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət etməsi sakinlər tərəfindən razılıqla qarşılanır.