DÜNYA
İstanbul qara təslim olub
İstanbul, 25 yanvar, AZƏRTAC
Artıq bir neçə gündür İstanbulda yağan güclü qar səbəbindən vilayətdə demək olar ki, həyat tamamilə dayanıb.
AZƏRTAC xəbər verir ki, gecə saatlarından başlayaraq vilayətə ətraf bölgələrdən avtomobillərin girişi dayandırılıb. Beş mindən çox insan yollarda qalıb. Onlardan üç mindən çoxu İstanbul Valiliyi tərəfindən şəhər otellərində qonaq ediliblər. Bəzi insanlar isə məscidlərdə gecələməli olublar. Hazırda şəhərdə şəxsi avtomobillərin hərəkətinə icazə verilmir. Təbiət hadisəsi aeroportların da işində çətinliklər törədib. İstanbul və Sabiha Gökçen aeroportlarında reyslər təxirə salınıb. İstanbul aeroportunun uçuş-enmə zolağında aparılan təmizlik işləri səbəbindən bu hava limanının fəaliyyəti yanvarın 25-i günorta saatlarınadək tamamilə dayandırılıb. Avtovağzallarda da analoji hal müşahidə edilir.
İstanbulun dövlət müəssisələrində bir günlük tətil elan edilib, iaşə obyektlərinin, o cümlədən böyük alış-veriş mərkəzlərinin iş saatı qısaldılıb.
Hidrometeoroloqlar yağıntılı hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul