QAN YADDAŞI
İsveçin paytaxtı Stokholmda 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunan anım tədbiri keçirilib
Stokholm, 21 yanvar, Rauf Əliyev, AZƏRTAC
İsveçin paytaxtı Stokholmda 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, bu il tədbir İsveçdə pandemiya qanunlarına əsasən həmyerlilərimizin kiçik qrup şəkilində iştirakı ilə baş tutub.
Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar və Vətən müharibələri şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə iştirak edən həmvətənlərimiz Azərbaycan xalqının öz ərazi bütövlüyü, milli təfəkkürü uğrunda apardığı mübarizə dolu bir gecədə yaşanılan dəhşətləri, acı fəryadları yada salaraq, xalqımızın qəhrəmanlıqla qazandığı azadlığımız uğurundakı mübarizədən ətraflı danışıb. Çıxışçılar bildirib ki, 20 Yanvar dəhşətləri xalqımızın yaddaşına və müstəqillik tarixinə qanla yazılmış acı səhifədir.
Qeyd olunub ki, 20 Yanvar faciəsi və xalqımıza qarşı törədilmiş digər ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi hələ də vacibdir. Diaspor fəallarının sözlərinə görə, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar və vətən uğrunda aparılan müharibənin şəhidlərinin xatirəsi yaşadığı yerdən asılı olmayaraq, daim xalqımızın qəlbində yaşayacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm