DÜNYA


İtaliyada sağ mərkəzçi alyansın prezident idarəetmə sistemini gündəmə gətirməsi müzakirələrə səbəb olub

Roma, 12 avqust, AZƏRTAC

İtaliyada qarşıdan gələn növbədənkənar seçkilərdən əvvəl sağ mərkəzçi alyansın hökumət proqramında prezident idarəetmə sisteminin tətbiqini və ölkə prezidentinin xalq səsverməsi ilə seçilməsini gündəmə gətirməsi müzakirə mövzusuna çevrilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də İtaliyada keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi siyasi partiya və ittifaqlar vədlərini, eləcə də seçkilərdə qalib gələcəkləri təqdirdə həyata keçirəcəkləri proqramları açıqlamağa başlayıblar.

Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi alyans 8 səhifədən ibarət 15 bəndlik hökumət proqramını elan edib. Xarici siyasətdə NATO öhdəliklərinə hörmət, Avropa İttifaqı ilə birgə addım atmaq və Ukraynaya dəstək, həmçinin vergi güzəştləri, prezident idarəetmə sisteminin tətbiqi üçün institusional islahatlar, qeyri-qanuni miqrasiya ilə bağlı əvvəllər qəbul edilmiş təhlükəsizlik fərmanlarının yenidən aktivləşdirilməsi və digər maddələr hökumət proqramına daxil edilib.

Sağ mərkəzçi alyansın proqramında yer alan prezident idarəetmə sistemi və prezidentin xalq tərəfindən seçilməsi ilə bağlı təklif ölkədə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.

Giorgia Meloni prezident idarəetmə sisteminin ciddi iqtisadi islahat olduğunu və sabitlik sayəsində investorlar üçün inam yaradacağını bildirib.

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni də prezident idarəetmə sisteminin tətbiqini dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, müxtəlif rəy sorğularına görə, sağ mərkəzçi alyans seçkilərdə ən çox səsə sahib olacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.