DÜNYA
İtaliyanın Baş naziri: Çin ilə imzalanacaq anlaşma memorandumuna dair Aİ ilə tam razılıq əldə olunub
Roma, 23 mart, AZƏRTAC
İtaliyanın Baş naziri Cüzeppe Konte “Bir kəmər, bir yol” təşəbbüsü üzrə İtaliya və Çin arasında imzalanacaq anlaşma memorandumuna dair Avropa İttifaqı ilə tam razılığın əldə olunduğunu ifadə edib.
AZƏRTAC “ANSA” agentliyinə istinadla xəbər verir ki, Baş nazir memorandumun Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə şənbə günü Romada imzalanacağını qeyd edib.
“Biz bir ailə olduğumuz üçün tərəfdaşlarımıza atacağımız addımlarla bağlı lazımi məlumat veririk”,– deyə Baş nazir vurğulayıb.
İtaliya Prezidenti Sergio Mattarella ümid etdiyini bildirib ki, çinli həmkarının səfəri infrastruktur da daxil olmaqla, bir sıra sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı İtaliyanın bu layihəyə qoşulmasından narahatlıqlarını ifadə etmişdilər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma