İQTİSADİYYAT
İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar müzakirə olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar” mövzusunda təqdimat keçirilib. Əsasən ixrac məhsulları istehsalçılarının iştirak etdiyi tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələri şirkətin xidmətləri və logistik məhsullar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən, ixrac potensialı yüksək olan şirkətlərin məhsullarının xarici bazarlara çıxarılması üçün dəmir yolu ilə alternativ və daha sərfəli xidmətlər təklif edilib. “ADY Konteyner” MMC-nin nümayəndələri sahibkarlara Bakıdan və şirkətin Sumqayıtda fəaliyyət göstərən terminalından Çin, Rusiya, Türkiyə, İran, Avropa ölkələri istiqamətində daşıma qiymətləri, xaricdəki tərəfdaşlarla işgüzar əlaqələr, bağlanan müqavilələr, yüklərin dəmir yolu ilə daşınmasının üstünlükləri, konteyner inventarı barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Sahibkarlar əsasən yüklərin çatdırılma vaxtı, qiymət, təhlükəsizlik, həmçinin konteynerlərin marşrutboyu izlənilməsi kimi məsələlərlə maraqlanıblar.
Tərəflər yeni logistik məhsulların yaradılması, yüklərin daha tez və ucuz çatdırılmasının yollarını müzakirə ediblər. Hər iki tərəf üçün faydalı olan belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə edilib.