REGİONLAR
İxtisasartırma kurslarını bitirən müdavimlərə sertifikatlar təqdim olunub
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Naxçıvan Şəhər Peşə Liseyində elektron lövhə istifadəçisi, kompüterçi və gözətçi peşələri üzrə ixtisasartırma kurslarını bitirənlərə sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə liseyin direktor əvəzi Elnur Qasımov və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Seymur Xudanov müdavimləri kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, 18 nəfər kompüter istifadəçisi, 19 nəfər elektron lövhə istifadəçisi və 18 nəfər gözətçi peşəsi üzrə ixtisasartırma kurslarını bitiriblər. Ümumiyyətlə, il ərzində 439 nəfər müxtəlif peşə ixtisasları üzrə peşə təhsillərini başa vurublar.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 avqust tarixli qərarı ilə peşə liseylərində 1, 2 və 3 aylıq peşə kursları üçün yeni tədris planları hazırlanıb. 53 yeni peşə kursunun təşkil olunması nəzərdə tutulub. Onlardan 5-i ixtisasartırma, 48-i isə ilk peşə ixtisaslarıdır. Əgər əvvəllər peşə liseylərinə 9-11-ci sinifdən qəbul aparılırdısa, artıq yaş məhdudiyyəti aradan qaldırılıb. Bu da peşə təhsilinin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır.
Sonra kursları müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.