DÜNYA
KİV: Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsus ola bilər VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Bazar ertəsi günü Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsus ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə TOLOnews telekanalı məlumat yayıb. Təyyarənin mühərrikindəki tanınma nişanları onun ABŞ hərbi hava qüvvələrinə aid olduğunu göstərir. Telekanalın qəza yerindən dərc etdiyi kadrlarda Bombardier E-11 təyyarəsinin bir hissəsinin yandığı görünür. Bununla yanaşı, telekanal qeyd edir ki, videonun Qəzni əyalətindəki qəzaya aid olması rəsmən təsdiqlənməyib.
Təyyarə qəzası bu gün səhər saatlarında “Taliban” hərəkatının nəzarətində olan Qəzni əyalətində baş verib. Hökumətdəki mənbənin 1TVNews telekanalına verdiyi məlumata görə, o, çox böyük ehtimalla koalisiya qüvvələrinin istifadəsində olan hərbi təyyarədir.
Bundan əvvəl isə KİV-də Əfqanıstanın şərqində “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı barədə məlumat yayılmışdı.